BMU-da 20 Yanvar şəhidləri yad edilib_ETV Xəbər

0
597


Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisəsindən iyirmi səkkiz il keçir. Bununla əlaqədar Bakı Mühəndislik Universitetində “20 Yanvar – Ümumxalq hüzn günü” adlı anım tədbiri keçirilib. İlk öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli video film nümayiş oldunub.
Tədbirdə çıxış edən universitetin prorektoru Dr. Bayram Hüseynzadə bildirib ki, 20 Yanvar hadisələri keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktıdır. Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev olmuşdur. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixində faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.
Daha sonra söz Müharibə Veteranı Qadınların Sosial Yardım ictimai Birliyinin sədri Rada xanım Abbasa verildi. Rada xanım qanlı gecənin canlı şahidi kimi qeyd edib ki, milli mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Tanklar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə, yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bu hadisədə 137 nəfər öldürüldü, 700 nəfər yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.
Daha sonra çıxış edən Bakı Mühəndislik Universitetinin müəllimi, tarixçi Dos. Bilal Dədəyev faciənin xalqımız tərəfindən unudulmayacağını, xalqımızın yaddaşında daim milli azadlıq uğrunda qəhrəmanlıq səlnaməsi kimi yaşadılacağını və gələcək nəsillərə ötürüləcəyini bildirdi.

Şərh yoxdur

Şərh yaz