Xoşbəxtlik və vicdan

0
55

Çoxlu sayda insan yaşayır yer üzündə. Hər kəsin özünə görə xəyalları, istəkləri və ya istəmədikləri şeylər vardır bu həyatda. Fəqət hər bir kəsin mütləq şəkildə istəyə biləcəyi bir şeyi bilirəm. Zənnimcə, siz də bilirsiniz, həyatınızın müəyyən zaman kəsiyində bunun fərqinə varmış olmalısınız. Bəhs etdiyim şey xoşbəxtlikdir…
Bəs xoşbəxtlik nədir? Xoşbəxtlik nə olan şeydir ki, insan övladı dünyaya gəldiyi ilk andan etibarən ta ki ölənə qədər davamlı olaraq xoşbəxt olmaq səyindədir. Xoşbəxtlik bir andırmı bəzilərinin dediyi kimi ? Yaxud sonsuz ümidlə daima gözlədiyi bir xəyal ürünüdürmü? Nədir xoşbəxtlik? Çox sadə bir sual kimi görünür elə deyilmi? Lakin iki sözdən ibarət olan bu sualın çox cavabı var və kifayət qədər genişdir. İnsanlara görə dəyişir çünki. Kimisinə görə xoşbəxtlik sağlam bir yaşamdır, kimisinə görə xoşbəxt bir ailə, yuvadır, şəfqətli bir ana, ataya sahib olmaqdır xoşbəxtlik, kimisinə görə yaxşı bir təhsil, bəlkə də, yalnızca hüzurdur kimisinə görə, səssizlikdir və ya sadəcə var olmaqdır xoşbəxtlik. Ancaq təəssüflər olsun ki bir qrup insanlar da vardır ki, onlar üçün xoşbəxtlik sadəcə olaraq güc, məqam, şöhrət və puldur. Məndən soruşacaq olsanız, xoşbəxtlik vicdandır. Təmiz vicdan. İnsanların daxilində bir yerlərdə vicdanın olmasıdır. İndi bir insan düşünün ki, çox insanların əldə etmək istədiyi şeylərə sahibdir. Çox yaxşı bir anası, atası, qardaşları, işi, evi, maşını var, yaxşı da gəliri var, sağlamlığında da bir problem yoxdur. Bu insan bir gün körpüyə çıxıb da özünü aşağıya atarmı? Və ya bir ovuc dərman içib ölümü seçərmi? Haqsızlığa uğrayıbsa edər. Bəzən elə bir haqsızlığa məruz qalar ki insan, həzm edə bilməz,acı çəkər, qəlbi yerindən söküləcəkmiş kimi hiss edər, gözü heç bir şeyi görməz bu həyatda. Duyğularını heç bir sözlə ifadə edə bilməz, gecələri yata bilməz, hər səhər oyandığı zaman isə cəhənnəmdə bir günə daha başlayırmış kimi hiss edər. Bu ədalətsiz dünyada yaşamaq üçün bir məna tapa bilməz. Bitirmək istəyər, bir an öncə qurtulmaq. Hələ bu ədalətsizlik təkcə sənə deyil, sevdiyin insanlara da edilibsə… Sonra bir an mübarizə aparmaq qərarına gələr və çarəsiz olduğunu anlayar, çünki insanların daxilinə vicdan qoymaq olmaz. Bir tərəfdən çəkdiyi acılar danışar, bir şeylər fısıldayar qulağına intiqam almaq istəyər, canı yansın ki, nələr çəkdiyini bilsin. Digər tərəfdən də vicdan başlayar danışmağa :“ ilk fürsətdə pisliyə qaçarsan, pislərdən nə fərqin qalar?”. Özünə hörməti vardır, edə bilməz. Mövzunu bağlaya bilmək üçün bağışlamağı seçər. Tək bir sual vermək istəyər :“peşmansanmı?”, fəqət soruşmağına belə ehtiyac qalmaz, çünki o peşman olmadığını dəfələrlə bildirər. Peşman belə olmayan birini necə bağışlaya bilər? Hər cür haqsızlığı, ədalətsizliyi, pisliyin təməlində o pisliyi edən insanın içərisində vicdanın olmaması durur. Bu qədər önəmlidir vicdan.

Bəs nədir vicdan? Şəxsi öz davranışları haqqında bir qınağa şövq edən, öz əxlaq dəyərləri üzərinə dolaysız və özlüyündən qınamasını, tənqid, təhlil etməsini zəruri edən bir gücdür. Bütün insanlar dünyaya beyin və ürəklərində bir iç məhkəmə ilə gəlirlər. Bunun adı vicdandır. Vicdan insana səhvi, düzü göstərən bir iç səsdir. Heç bir günahkar öz vicdanından bəraət edə bilməz. İnsan nəfsinə hakim olmağı bacarmalı, nəfsinin müəllimi, vicdanının şagirdi olmalıdır. İradənə hakim, vicdanına kölə olarsansa, vicdan əzabı çəkməzsən. Vicdan əzabı insanın içində bir cəhənnəmdir. Vicdanı hər kəs ürəyində daşımaz, cibində, cüzdanında, mədəsində dilində daşıyanlar da var. Bəziləri bu dünyada hesablı olmağı seçər, nəticədə məqam sahibi olarlar. Vicdanlı olmağı seçənlər isə ən əsası insan olarlar. Məncə, insan pulun satın ala bilməyəcəyi dəyərlərə sahibsə, məhs o zaman zəngindir. Hər halukarda öncəliyimiz qazanclarımız deyil, vicdanımız olmalıdır. Qazanclarımız danışarsa, vicdan susar. Vicdanı susan insanın düşmənindən fərqi yoxdur. Bəzən bir kiçik qərardır kim olduğun, dediklərin deyil, elədiklərindir. Hər zaman insan soruşar özündən :“ kiməm mən?” Kim olursan ol, bir qəlbin varsa əgər, içində bir yerlərdə sızlayıb durusa vicdan, məhs sən əslində sadəcə vicdanından geri qalansan.
Turan Bağırova

Paylaş
Əvvəlki yazı5+1 (BÖLÜM 1)
Növbəti məqaləQüvvət elmdədir

Şərh yoxdur

Şərh yaz