Qüvvət elmdədir

0
48

“Qüvvət Elmdədir!” ifadəsin eşidən kimi ağıla Nizami Gəncəvinin o özünə xas üslubu ilə vurğuladığı bu misralar gəlir:

“Qüvvət elmdədir, başqa cür heç kəs

Heç kəsə üstünlük eyləyə bilməz.”

Bəli elədir, elm insanı kamilləşdirər, kamil bir insanınsa dünyaya hökm etməsi mütləqdir.
Tarixə göz gəzdirsək görərik ki, müəyyən zaman intervallarında güc, qüvvət fərqli meyarlarla ölçülürdü. Günümüzdə isə gücün, qüvvətin tək ölçüsü var, o da elm!
Tarix boyunca həyatımızı idarə edən güclər, çox dəyişik və bir-birinə zidd şəkildə ortaya çıxmışdır. İlk çağlarda güc tamamilə fizioloji bir nəticə idi. Ən qüvvətli, ən sürətli olan; özünün olduğu qədər ətrafdakıların da həyatını idarə etmək gücünə malik idi. Yavaş-yavaş mədəniyyət inkişaf etdikcə güc artıq varislik yolu ilə keçməyə başladı. Ona güc qazandıran simvollar vasitəsi ilə Kral qüsursuz hakimiyyəti ilə ölkələri idarə etdi, digərləri də ona yaxınlıqla güc qazandı. Sənaye çağında isə güc sərmayə idi. Onu əldə edən dövrünə hökm edirdi.
Bu kimi vəziyyət hal hazırda da mövcuddur. Pulu olan, olmayandan; Fiziki baxımdan yaxşı olan, olmayandan daha güclüdür, amma sadəcə bəzi xüsusi sahələrdə. Bəs, ümumi olaraq götürsək bugün güc, qüvvət kimin əlindədir? Əlbəttə ki, elm adamlarının.
Vurğuladığım kimi, fərqli zamanlarda güc meyarlarını dəyişmişdir. Amma artıq güc öz həqiqi ölçüsünü tapıb. Biz çoxumuz indiyə qədər içində yaşadığımız çağın elm çağı olduğunun fərqindəyik. Artıq, sənaye deyil, feodal deyil, məlumatın ötürülməsi, yayılması üzərinə qurulmuş bir əsirdəyik. Bu, insan DNT-lərinin kodlaşdırılması kimi çətin anlaşılan, ya da adi su marketinqi qədər sadə olsa da, yeni düşüncələrin və fikirlərin dünyanı günlük olaraq dəyişdirdiyi bir zamanda yaşayırıq. Modern dünyanı xarakterizə edəcək bir şey varsa, o da xəyallarımızın ötəsində ehtişamlı məlumat axını və bunun gətirdiyi dəyişiklərdir. Bu yeni məlumatlar internetlə, kitablarla, televiziya ilə leysan şəklində bizə gəlir. Elə bu cəmiyyət, kralların sahib olduğu sərhədsiz gücü elm vasitəsi ilə əldə etdi. John K.G. vəziyyəti bu şəkildə ifadə edir: “Sənaye cəmiyyətinə sürəti qazandıran puldur, fəqət məlumat cəmiyyətini sürətləndirən və güc verən şey elmdir.” İndi, elm sahibi olanlar və olmayanlar şəklində yeni bir sinifləndirmə ortaya çıxdı. Bu yeni sinif gücünü nə puldan, nə də sahib olduğu torpaqlardan deyil, sadəcə və sadəcə qazandığı elmdən alır.
Halhazırkı elm dövrünün ən xariqüladə nöqtəsi isə, insanı elmə çatdıracaq, kamilləşdirəcək qapıların taybatay açıq olmasıdır. Bu gün hər hansı bir uşaq belə bir ortaqlıq quraraq dünyanı dəyişə bilər.
Xülasə, qüvvət elmdədir, modern dünyada kralların qüdrəti elmdir.

Bəhbudlu İmamverdi

Şərh yoxdur

Şərh yaz