BMU-nun tələbəsi FameLab müsabiqəsinin qalibi oldu_ETV Xəbər

0
476


Bakı Mühəndislik Universiteti gənc nəslin müasir elmi-texniki yenilikləri mənimsəmiş fərd olaraq yetişməsinə dəstək istiqamətində əməli addımlar atır. Bunlardan biri də “FameLab” layihəsidir.
İlk dəfə Böyük Britaniyanın Çeltenham Elm Festivalı tərəfindən yaradılan yarışmanın məqsədi elmi kommunikasiya üzrə yeni istedadı axtarıb tapmaqdır.
Azərbaycanda bu yarışma ilk dəfə 2007-2009-cu illərdə keçirilib. Builki yarışma Bakı Mühəndislik Universitetində British Council ilə birgə keçirilir. Yarışda elm və ictimai istiqamətlərdə işləyən, eləcə də texniki mütəxəssislər, elm, texnika, mühəndis, tibb və yaxud riyaziyyat sahələrində çalışan şəxslər iştirak edir. Yarışmanın yarımfinal mərhələsinə strat verilib. Bu mərhələyə 30-dək layihə seçilib. Yarışın qaydasına əsasən hər bir iştirakçı 3 dəqiqə ərzində layihəsini təqdim edib. Sonda təqdimatlar münsiflər tərəfindən qiymətləndirilib və 10 nəfər finalda iştirak hüququ qazanıb.
Yarışın final mərhələsi də Bakı Mühəndislik Universitetində keçirilib. Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov çıxış edərək rəhbərlik etdiyi universitetin yeni yaradılmasına baxmayaraq, yüksək səviyyəli kadrlar hazırlanması üçün innovativ texnologiyalara əsaslanan bütün layihələrin keçirilməsini dəstəklədiklərini bildirib. Rektor məqsədi elmi sevdirmək və gənclərin dəqiq elmlərə marağını artırmaq olan FameLab layihəsinin keçirilməsinin əhəmiyyətli olduğunu bildirib. O, Prezident cənab İlham Əliyevin Azərbaycan gəncliyinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.
British Councilin Azərbaycan üzrə direktoru Elizabet Vayt tədbirdə iştirakdan məmnun olduğunu və təşkilati dəstək üçün Bakı Mühəndislik Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib. Azərbaycanın seçdiyi qalibin İngiltərədə uğur qazanacağına ümid etdiyini vurğulayıb.
Münsiflər British Councilin nümayəndəsi Nigar Nəsrullayeva, Nicat Nəsirli, Emil Civişov və Sevinc Orucova iştirakçıların potensialından, səhnədə sərbəst və elmi tərəfi önə çəkməli olduqlarından və burada qazanacaqları təcrübənin onların həyatında mühüm rolu olacağından danışıblar.
Əməkdar artist Yaqub Zurufçu ifa etdiyi mahnıları ilə finalçıları təbrik edib.
FameLab yarışmasının Azərbaycan üzrə koordinatoru Sevil İmanova bildirib ki, 6-7 ölkənin iştirakı ilə başlayan, hazırda 35 ölkənin qatıldığı, 10 ildir davam edən beynəlxalq layihə ölkəmizdə 6-cı ildir keçirilir. Layihə koordinatoru qalibin müəyyən olunmasında münsiflərlə yanaşı, auditoriyanın da iştirak edəcəyini, həmçinin final mərhələsində yarımfinaldan fərqli olaraq iştirakçılara təqdimat üçün 5 dəqiqə vaxt veriləcəyini qeyd edib.
Elmi kommunikasiya üzrə ən yeni istedadı axtarıb tapan milli istedad yarışması olan “Şöhrət Laboratoriyası”nın builki qalibi Bakı Mühəndislik Universitetinin tələbəsi Bəxtiyar Məmmədli seçilib. O, ölkəmizi Böyük Britaniyanın Çeltenham Elm Festivalında təmsil etmək hüququ qazanıb.
2-ci yerə Bakı Dövlət Universitetinin tələbəsi Cəmil Ağasiyev, 3-cü yerə isə AMEA-nın elmi işçisi Günay Qasımova layiq görülüb.
Digər finalçılar da təşkilatçılar tərəfindən mükafatlandırılıb. Bu il yenilik olaraq auditoriyanın seçdiyi qalib müəyyən olunub və mükafatlandırılıb. “Auditoriyanın rəğbəti” mükafatını da 1-ci yerə layiq görülmüş Bakı Mühəndislik Universitetinin tələbəsi Bəxtiyar Məmmədli qazanıb.

Şərh yoxdur

Şərh yaz