Yarımçıq hekayə…

0
150

Dəyişmək istəsə belə dəyişməz qalmasını istədikləri vardır insanın. Ürəyinin dərinliyində gizli qalan xatirələrin dolandığı,rahat nəfəs ala bildiyi sərin meh əsdiyi bir yer. Bəlkə də dəyişməyə ehtiyac yoxdu , sadəcə olduğu kimi qəbul etməlisən bəzi şeyləri. Bir zaman ayağına tikanlar batıb hiss etdiyin ağrını indi ürəyinin dərinliyində hiss edirsən və bu artıq tikan deyil insanların sənə qarşı münasibətləridir. Vaxtilə uzaqlaşmaq istədiyin yerdən indi ayrılmaq istəmirsən. Sərin havada oturub ətrafı seyr edərkən aldığın zövqü daha heç bir yerdə ala bilmirsən. Bir zamanlar həyat məqsədin olan arzularından artıq qaçırsan. Düşünürsən, gözünün önündən keçir uşaqlığın və anlıyırsanki sən xoşbəxtsən, çünki sən ancaq o zamanlar özün idin. İnsanlar arasında yadam deyirsən. Dostum amma başa düşmürsənki sənə yad olan insanlar deyil elə özünsən, başqalarının düşüncələri ilə arzularına doğru yol aldığın gündən bu yana sən yadsan özünə.Ah nələrə qurban vermişdi illərini..Sonsuz xəyallar vardı, ucu-bucağı bilinməyən yollartək. Bir gün bitəcək, onun üçün dayanacaq vaxt vardı. Bəlkə də yarımçıq qalacaq bu xəyallar. Ruhunu sevgi tam qapadıqda yalnız qalacaqdı. Sevərək sevilməyi unudacaqdı. Yarpaq budaqdan qopduğu kimi qopacaqdı tutduğu dayaqdan, o da qarşı çıxa bilməyəcəkdi küləyin amansız hakimliyinə. Bütün bunları gözə alaraq çıxmışdı bu yola. İtirərək əldə edəcəkdi

Uzun müddət oturub bunları düşünmüşdü, havanın qaraldığının fərqində deyildi. Ayağa qalxıb dərindən nəfəs aldı, illərin ağır yükünü boşaltdığını hiss etmişdi.Çünki illər sonra özü özü ilə hesablaşmışdı. İllər əvvəl baş vermişdi o hadisə. Ailəsində sıxıntıları vardı. Hər gün problem, azalan hörmət, dəyərsizcə bitən sevgi. Çox sıxılırdı, bezmişdi və yək istəyi uzaqlara getmək hər şeyi unutmaq olmuşdu. Ümidini itirmişdi həyatın amansız axınına düşmüş səbr etməyi unutmuşdu. Nəhayət gedəcəkdi buralardan. Qəbul xəbərini alan kimi tərk etmişdi evi.
Hər şeyi geridə qoyub ailəsini unutmuşdu zamanla. Gözəl həyat qurmuşdu, istədiyi kimi idi hər şey. Məqsədinə çatmışdı. Amma böyük bir boşluq vardı sanki onu çəkən. Gecələr kabusu olan, gündüzlər üzünü solduran. Zaman keçdikcə sıxılırdı anlaya bilmirdi səbəbini. Rəfiqəsilə görüşəcəkdi, ancaq işi çıxmışdı gələ bilməyəcəkdi rəfiqəsi. Yaxınlıqdakı skameykada əyləşdi. Qarşıda bir uşaq qaçırdı anasısa arxadan səslənir diqqətli ol deyirdi. Uşaqsa onu dinləmədən qaçırdı birdən ayağı büdrədi və yıxıldı. Anası ona yaxınlaşıb azalayırdı onu. Uşaq isə ağlayaraq anasını qucaqladı. Dayana bilməmişdi bu mənzərəyə. Bəlkə çox sıradan bir hadisəydi amma gözlərindən yaş damcılayırdı. Axı onun burda nə işi vardı. Bu illər boyu boşuna yaşamışdı. Onu sevən insanları atmışdı, məqsədinə qurban vermişdi. Gətiydi qərarı, evə-ailəsinin yanına gedəcəkdi. Qarşılaşdığı mənzərə inanılmaz idi. Anasını atasını tanıya bilməmişdi. Çox dəyişmişdilər. Üzlərindəki qırışlar, batıq gözləri, küskün simaları və bükülən boyunları. Ayaqlarına düşmüşdü saatlarca ağlamışdı.Ah, axı niyə önəmsəməmişdi əlində olanları.
Anasının yanına getdi təbəssümlə ona möhkəmcə sarıldı. Artıq anlamışdı məqsəd insana hakim olmamalıdır. Hər kəs onun qədər şanslı olmaya bilərdi, necə ki qoyub getdiyini qoyduğu yerdə tapmaya bilərdi.
Yarımçıq qalan hekayələr vardır sonlandığını zənn etdiyimiz.Səhərlər anasıyla hər kəs şirin yuxudaykən küçələri təmizləyən qız,ən çox hüzura ehtiyac duyduğu yaşda soyuq havanı canına çəkərək işə tələsən yaşlı qadın,axşamlar işdən evə tələsən yorğun o adam var. Bizim başlatdığımız amma bitirməkdə aciz olduğumuz hekayələr. Bilmədən bir parçası olduğumuz yarımçıq hekayələr. Düşünmədən, sonunu gözləmədən etdiyimiz isyanlar, günahlandırılan zaman var. Hər zaman günahkar axtaran insan güzgüdə tanıya bilmədi axtardığını.

Şəlalə Əlixanova

Şərh yoxdur

Şərh yaz