Xalqımızın ölməz şairi Bəxtiyar Vahabzadə…

0
169

Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu
Tarixi varaqlanır.

Bu möhtəşəm sətirlərin müəllifi, Azərbaycanın xalq şairi, bu il 90 illik yubleyi böyük təntənə ilə keçirilən Bəxtiyar Vahabzadədir. Bəxtiyar Vahabzadə şair, dramaturq, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan xalq şairi, filologiya elmləri doktoru, professor, Azərbaycan MEA-nın həqiqi üzvü, Azərbaycan Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ Dövlət Mükafatı laureatı, M.F.Axundov adına ədəbi mükafatın laureatı, Azərbaycan Respublikası Ali Sovetinin deputatı, millət vəkili olmuşdur.
1925- ci ildə Şəki şəhərində anadan olmuş Bəxtiyar Vahabzadə orta məktəbi bitirdikdən sonra 1942-1947 – ci illərdə ADU-nun (indiki BDU-nun) filologiya fakültəsində təhsil almışdır. O, universitetin aspiranturasında saxlanmış, “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bəxtiyar Vahabzadə bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdikdən sonra başlamışdır. Şairin 1960-2003-cü illərdə “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qilinc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur.
Xalq şairi Bəxtiyar Vahabzadə tənqidçi ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1950-1990–ci illərdə Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır.
Bəxtiyar Vahabzadə 1959-cu ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş və Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı mübarizəsinə qoşulmuşdur. 1962-ci ildə bu poemaya görə xalq şairi “millətçi” damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız iki ildən sonra işə bərpa edilmişdir.
Dramaturq Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.
XX əsr Azəbaycan ədəbiyyatının poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadə ömrünün sonuna qədər böyük sənət ehtirası ilə yazıb yaratmışdı. Müdrik həyat düşüncələrini, daşlardan süzülüb gələn dağ şəlaləsi kimi içindəki hissləri, duyğuları sətirlərə çevirən, söz, sənət dünyasını yeni incilərlə rövnəqləndirən sənətkar artıq altı ildir ki, ruhların qovuşduğu bir məkanda uyuyur. Bəxtiyar Vahabzadə şəxsiyyətini, onun yaradıcılığını türk yazıçısı Əli Yavuz Akpinar yüksək qiymətləndirərək yazır: “Vahabzadəyə görə şairin vücudu Vətən torpağı, nəfəsi Xəzər dənizindən əsən ruzigar, qanı Kür, Araz çaylarıdır. Şair Vətənsiz, millətsiz yaşaya bilməz. Şairin ən böyük vəzifəsi Vətəni sevmək, haqq və həqiqət yolunda daim savaşan bir insan olmaqdır. Şair vətən, millət əqidəsinin Məcnunudur”. Vətən və onun taleyi mövzusu Bəxtiyar Vahabzadənin yaradıcılığı boyu davam etmişdir. O, ömrü boyu özünü bütöv və böyük Azərbaycanın milli şairi kimi dərk etmiş və bu missiyanın daşıyıcısı olması ilə qürur duymuşdu.
Xatırlatmaq istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyev cənabları Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında 14 yanvar 2015-ci ildə tarixində Sərəncam imzalamışdır.
Azərbaycan xalqının böyük şairi, hamı tərəfindən sevilən gözəl əsərlər müəllifi Bəxtiyar Vahabzadə bizim qəlbimizdə daim yaşayacaq və xatırlanacaqdır…

NİGAR SƏLİMOVA

Şərh yoxdur

Şərh yaz