Çingiz Abdullayev Bakı Mühəndislik Universitetinin qonağı olub_ETV Xəbər

0
1170


Azərbaycan Xalq yazıçısı Çingiz Abdullayev Bakı Mühəndislik Universitetində qonaq olub. Universitet rəhbərliyi yazıçıya yeni yaradılmış universitet və onun inkişaf prespektivləri haqqında məlumat verib. Tələbələrdən ibarət ” Kitab Kulubu” nun təşkilatçılığı ilə keçirilən görüşdə universitetin müəllim kollektivi və tələbələri iştirak edib. Görüşün əsas məqsədi gənclərin bədii ədəbiyyata marağını artırmaq və mütaliə vərdişlərini artırmaq olub.
Xalq yazıçısı Çingiz Abdullayev yaradıcılığının əsas istiqamətləri barədə danışıb. Yazıçı qeyd edib ki, ziyalıların tələbələrlə görüşü çox vacibdir. Gələcəyimiz savadlı gənclərdən asılıdır. Əgər ağıllı nəsil yetişdirmək istəyiriksə gənclərə xüsusən tələbələrə kitab oxumağı sevdirməliyik. O, gənclərimizi xalqımızın mədəni inkişafı naminə daha çox bədii kitab oxumağa səsləyib. Vurğulayıb ki, kitab oxuyanlarla yanaşı ölkəmizdə kitab mağazalarının sayının artmasını da arzulayır.
Ç.Abdullayev Azərbaycan Yazıçılar Birliyinin ədəbiyyat tariximizdə əvəzsiz rolunu qeyd edərək bu qurumun fəaliyyəti haqqında tələbələrə məlumat verib. Ç.Abdullayev onu da vurğulayıb ki, yazıçı beyninin məhsulu olan əsərlər hansı dildə yazılmasından asılı olmayaraq oxucunun ruhunu oxşamalı, mənəvi tələbatını ödəməlidir, vacib məqam yazarın dünya miqyasında qəbul olunması və oxucu kütləsi qazanmasıdır. Yazıçı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yönündə yazarlarımızın üzərinə də böyük məsuliyyət düşdüyünü bildirib.
Xatirələrini danışan yazıçı tələbələrin çox saylı suallarını da cavablandırıb. Sonda universitet tərəfindən yazıçıya xatirə diplomu təqdim olunub.

Şərh yoxdur

Şərh yaz