İstanbul

0
165

İstanbul… İlk gəldiyim gün soyuq qarşılaşmışdıq səninlə. Küləklər rəqs edirdi küçələrində, səman da tutqun idi, amma ağlayıb boşalmaq bilmirdi. Əvvəl mən də səmana bənzədim, tutuldum amma ağlamadım. Sonra mənim kövrəkliyim, sənin də buludların uzaqlarda gözdən itdi. Alışdıq, sən mənim varlığıma, mən də sənin dəyişkən havalarına. Qarşılaşdığım ilk və ən böyük müəllimim sən oldun. Səndən qısa zamanda qərarlı olmağı, bəzi şeyləri iki gözü açıq gördüyüm halda, bəzi şeyləri tam görməzdən gəlməyi, bəzən cəsarətlə danısmağı, bəzənsə susub söhbətlərdən kənar qalmağı, diqqətlə dinləməyi və eşidərək kar olmağı, bir sözlə yalnız yaşamağın yollarını öyrəndim. 20 il ərzində öz içimdə tapa bilmədiyim ‘məni’, burda yüzlərlə ötüşüb keçən özgə insanların arasında tapdım. Hər düşüncəmi səninlə bölüşdüm, sənsə bir söz anlamasanda həmişə səbrlə dinlədin söylədiklərimi. Bəzənsə mən səni anlamadım, böyük açdığın qapılardan içəri girməyə cəsarətim çatmadı.
Bir gecə 4-də oyatdın məni, qapıları hər zaman açıq olan Allahın evinə götürdün. Bu möhtəşəm ev hər kəsi inamla qarşılayan Süleymaniye Camisi idi. İçəridə ortadan çəkilmiş ip vardı və bu incə ip təkcə camini deyil, iki dünyanı ayırırdı. İpin o tərəfində Allahına dua edən, qarşısında baş əyən və sanki hər baş əydiyində daha da yüksələn insanlar, bu tərəfində isə içəri qərarsız addımlarla girmiş mən vardım. Gündüzlər camiyə girmək daha asan gəlmişdi, çünki turistlərin arasında olmaq bu yalnızlıq hissindən qurtarırdı məni.
Hər gözəl və möhtəşəm divarını görə biləcəyim bir yer seçib oturmuşdum. Azanın səsi və göz önündəki valeh edən mənzərə içimə rahatlıq gətirirdi. İlk dəfə barmaqlarımı açıb göyə uzatmışdım o gün. Mənimdə öz başa düşdüyüm dildə pıçıldadığım dualar və hər duamda ürəyimdən bir parça var idi. Qarşıdaki insanlardan fərqim yalnız dua etdiyim dil idimi? Bilmirəm. Amma o nazik ip keçilməz sədd gəldi fikirlərimə. Qonaq kimi girdiyim qapıdan qonaq kimidə çıxdım. Qapılar bağlanmadı arxamca və deyəsən bu qapılar heç vaxt, heç kimə bağlanmayacaqdı. İçimdə birdə geri dönmək ümidi ilə uzaqlaşmışdım oralardan, lakin növbəti gəlişlərim yalnız gündüzlər oldu. Bilirəm, bir camilər səhərə kimi incitmiş oldum səni, amma bir müəllim mülayimliyin bu incikliyidə tez unutdurdu.
Səninlə çox rəngli günlər yaşadıq. Solğundan parlağa doğru bütün rənglərdə. Amma hər şeyin bir başlanğıc və sonu var. Bizdə indi birgə həyatımızın son günlərini yaşayırıq. İçimdə ayrılıq kədəri yoxdur, çünki çamadanıma bu altı ayın xatirəsini yığıb gedirəm və mən müəllimimə baş çəkməyə mütləq geri dönəcəm…
Səbinə Hacızadə

Şərh yoxdur

Şərh yaz