Bir günahın kölgəsində

0
389

Bir günahın kölgəsində

Həyatının çox hissəsini dörd divar arasında keçirən biri üçün azadlığın nə demək olduğunu təxmin etmək elə də çətin deyil. Amma həyatda insanın etmək üçün illərlə gözləməli olduğu zamanlar var. Bəzən insan öz doğruluğunu sübut etmək üçün illərlə gözləyir. Qəlbində kiçik bir ümid ilə o anı xəyal edir, amma hər arzu gerçəkləşməz. Ümid bəzən inandıra bilməyəcəyini bilə-bilə illərlə birinə gerçəyi söyləmək üçün gözləməkdir, ümid bəzən günahının arxasında daha böyük bir günah gizləndiyini sübut edəcəyin anın həsrətini qurmaqdır…

O da həyatının 18 ilini həbsxanada keçirmişdi. Oğlunun xatirəsinə sığınaraq ilk vaxtlar gecələri ağlamaqla keçirsə də, gündüzlər bunu heç kimə hiss etdirməmişdi. 18 ildə qəlbində sadəcə bir istək vardı, oğlunun qarşısına çıxmaq və əslində günahının arxasında gizlətməli olduğu daha böyük günahı üzə çıxarmaqdı. Bəlkə heç oğlunu tapmayacaqdı, bəlkə heç onu inandıra bilməyəcəkdi. Amma yenə də insanın yaşamağına güc verən ümid 18 il onu da yaşatmağı bacarmışdı.

18 il bir ümidin istisinə sığınsa da, edəcəyi etirafın ağırlığının da fərqində idi. 18 il əvvəli düşünürdü. Qarşılaşdığı xəyanət, eşitdiyi sözlər, tapdığı sübutlar. Hamısı gözünün qabağında idi. Bunu qaldırmaqda çətinlik çəkirdi. Hər şey sübut olunmuşdu. Geriyə tək bir çarə qalırdı. Fikrindən yalnız bu keçirdi. Öldürmək. Aldadılmış olması ona fikrini həyata keçirməyə daha da kömək etdi. Tək üzüldüyü isə 9 yaşlı oğlunun yaddaşında qatil kimi qalması idi. Oğlunun “anamı öldürdün, öldü anam” deyərək naləsini və ona nifrətlə baxan gözlərini heç vaxt unuda bilmirdi. Çox çətin idi. İndi qarşısına keçib “o vaxt sənə deyə bilməzdim, desəm də, başa düşməzdin” demək heç də asan deyil. Çünki o, günahkar olduğunu bilirdi, çünki o, anlayırdı ki, günahının arxasında daha böyük günah gizlənsə də, bu gün oğlu ona inanmayacaqdı.

18 il uzaq qaldığı evinə doğru addımlayırdı. Artıq çox az qalmışdı. Oğluna hər şeyi deyəcəkdi. Onsuz artıq cəzasını çəkmişdi. İndi qəlbində oğlu ilə sadə bir həyatın xəyalını qururdu… Artıq evinin qapısında idi. Oğlu ilə arasında görünən əngəl sadəcə bir qapı idi. Bəs qapıdan başqa əngəllər? Əsas əngəllər elə onlar idi. Görünməyən əngəllər. Qapının zəngini basdığı an bütün qəlbi titrədi. Bu nə idi axı? Bu nə cəza idi? 18 il bu qapının üzünə açılmasını gözləsə də, indi fikri dəyişmiş və qapının açılmağını istəmirdi. Amma artıq ox yaydan çıxmışdı. Qapı açılacaq və o, 18 il dilə gətirə bilmədiklərini oğluna deyəcəkdi.

Qapını elə gözlədiyi kimi oğlu açdı. Elə bil heç nə dəyişməmişdi, elə bil heç 18 il keçməmişdi. İkisi də bir-birini tanıdı. Hər ikisinin gözləri parıldayırdı. Onun gözlərinin parıldamasına səbəb oğlunu gördüyü üçün sevincdən gözünün yaşarması idi. Amma oğlunun gözlərinin parıldamasının səbəbini bilmək çətin idi. Bunun qəzəbdən, sevincdən və ya tamamilə başqa bir şeydən olduğunu demək çətin idi. O, ağzını açıb danışmaq istəyirdi ki, qəlbində bir sancı hiss etdi. Qapının ağzında bükülüb qaldı. Amma danışmaq istəyirdi. Dilindən çıxara bilmədiyi sözlər göz yaşına çevrilib gözündən axırdı. Rəngi dəyişmişdi. Oğlu da bu mənzərənin qarşısında heç nə edə bilmirdi. Bu vəziyyət heç də uzun çəkmədi. Qapının ağzında ağrıdan yerə uzandığı vaxt son sözlərini deməyə çalışırdı. Sadəcə bunları deyə bildi:

-Oğlum, mən, mən günahkaram, amma məcbur qaldım. Anan…

Bundan sonrasına imkanı olmadı. Əcəl ona son sözünü deməyə imkan vermədi. 18 il həsrətlə gözlədiyi anda sözlərini bitirə bilmədi. Oğlu isə göz yaşları içində cansız bədənini qolları üstünə qaldıraraq sadəcə “bilirdim, ata” deyə bildi.

Münəvvər Sahibqızı

Şərh yoxdur

Şərh yaz